Dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya rəhbərlərinin Zəngilan rayonuna səfəri təşkil olundu. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilirdi.
Səfərin siyasi tərəflərinə toxunmadan öncə bir məsələni xüsusi vurğulamalıyam.
Mən Zəngilanda doğulmuş, orada yaşamış və məcburi köçkün olmuşam. İşğalın və məcburi köçkünlüyün nə olduğunu çox yaxşı bilirəm.
İşğalın insan psixologiyasına təsiri yalnız torpağını itirmiş insanların vətən həsrəti ilə bitmir. Müharibədən zərər çəkən insanlar məğlubluq kompleksi içində yaşamağa başlayırlar. Bəlkə də, möhkəm psixologiyaya sahib bir nəsil üçün bu, o qədər də qorxulu deyil, öhdəsindən gələ bilir, amma gənc nəsil üçün həmin kompleks travmaya çevrilir.
Müharibələr müxtəlif olsa da, onların acı nəticələri, yaratdığı travmalar eynidir.
Buna görə də 44 günlük Vətən müharibəsini bir yarışma kimi izləyirdik. Anbaan qürurumuzu bərpa etməyə çalışırdıq, məğlubluq sindromundan xilas olmağa can atırdıq.
Deyə bilərəm ki, bunu bacardıq. Torpaqlarımızın azad olunması dünyanın ən çətin geosiyasi vəziyyətində, sərhədlərin dəyişdiyi, yenidən konfiqurasiyası mühitində baş verdi. Əlbəttə ki, bu qələbə bizim ayaqda qalmağımız, yeni təhdidləri sovuşdurmağımız, gələcəyə doğru yol almağlmız baxımından çox vacib idi.
Qələbədən sonra özüm üçün əmin olmadığım bir yanaşmanı da dəqiqləşdirdim. Bu müharibənin acısını həm siyasi-mənəvi, həm də faktiki yaşayan, ata-baba yurdunu itirib, indiyə kimi məcburi köçkün olan biri kimi durumu təhlil edərkən deyə bilərəm ki, nə qədər paradoksal, nə qədər əcaib səslənsə də, savaşın qalibi daim dövlət və millət olaraq BİZ olmuşuq.
Məğlub travmamızla ordumuzu inkişaf etdirdik və qafil yaxalanmadıq, dediyim kimi, ən vacib anda xəstəliklərimizdən qurtulduq, güclü - qalib ruhla meydana atıldıq.
Azərbaycan Ordusu rəşadətli addımları ilə bizə qürur verdi, bayrağımız hər yerdə, hər guşəmizdə dalğalansın deyə ağır və qanlı savaş apardı. Şəhidlərimizin qarşısında borcumuz ödənilə bilməz. Həkimlərimizin, sərhədçilərimizin, polislərimizin, diplomatlarımızın əməyi göz qabağındadır.
Bu gün biz Millət və Dövlət olaraq açıq alınla yurdumuza qayıdırıq. Çünki bu, bizim haqqımızdır və haqq öz yerini tapır.
Bəs ermənilər indi hansı durumdadır?
30 ilə yaxındır, oğru kimi bu torpaqları işğal edən ermənilər gizli-saxlı yaşadılar, hər cür qaranlıq işlərlə məşğul oldular, amma orada heç nə qura bilmədilər, qura da bilməzdilər. Oğru kimi yaşamaqdan məmnunluq duydular və ən dəhşətlisi bunun uğrunda savaşırlar. Onlar üçün acı həqiqət bundan ibarətdir - sənin olmayan heç vaxt sənin olmayacaq!
Baxın, diqqətlə baxın paylaşdığım şəkillərə, dağıdılmış, viran qoyulmuş, sərvəti çapılıb-talanmış torpaqlarımızda bu tablonun müəllifləridir ermənilər.
Biz nə edirik?
Bizim tabloya baxın - yollar çəkilir, istər avtomobil yolu, istər dəmir yolu, infrastruktur qurulur, yaşayış yerləri salınır.
Dünən gəzib, tanış olduğumuz Ağalı kəndində yaradılan şəraiti gördükdə bir həqiqət daha aydın ortaya çıxır. Bizim bir dövlətimiz var, bu dövlətin, hətta belə deyək, razılaşmadığımız bir çox məqamlarına baxmayaraq, “Qayıdış” proqramına dair bir siyasəti var, kiçik, neqativ hallar olsa da, bu proses uğurla həyata keçirilir.
Siyasi partiyaların bu prosesi görmək və təhlil etmək, arzu və iradlarını bildirmək, ardıcıl olaraq, cəmiyyətə çatdırmaq (məsələn, Zəngilan və Qubadlıdan millət vəkilliyinə namizəd olmuş, hazırda bir partiya rəhbəri kimi hər iki rayondan olan insanlarımızla görüşüb, orada gördüklərimi paylaşmaq niyyətindəyəm) imkanları yaradıldı. Bu təşəbbüs alqışlanmalıdır.
Çünki müxalifətin əsas işi dövləti idarə edən siyasi hakimiyyətin müxtəlif sahələr üzrə həyata keçirdiyi siyasəti dəyərləndirmək və idarəetmədəki boşluqları üzə çıxarmaqdır, olanları inkar etmək deyil. Bu, heç bir qüvvəyə nüfuz, ölkəyə xeyir gətirməz. Biz artıq bütün sahələrdə daha məsuliyyətli və ləyaqətli davranmalıyıq, bizə bu şərəfi yaşadan qəhrəman şəhid oğullarımız və igidlərimiz naminə!
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı