Azərbaycan Yüksəliş Partiyasının
Baş Məclisinin
ƏSASNAMƏSİ
1. Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Baş Məclisi (BM) şəhər, rayon təşkilatlarının AY Partiya Qurultayına seçdiyi nümayəndələrinin içindən və bu sayın üçdə biri qədər AY Partiya Başqanı tərəfindən təqdim edilən namizədlər sırasından Qurultay tərəfindən seçilən üzvlərdən ibarətdir.
2. Baş Məclis:
- qurultaylararası dövrdə partiyanın fəaliyyətinə rəhbərlik edir;
- üç ayda bir dəfədən az olmayaraq özünün sessiyalarını keçirir;
- AY Partiya Başqanlıq Heyətinin, Gənclər Təşkilatının, Qadın Qollarının və bənzəri strukturların Əsasnamələrini təsdiq edir;
- qurultaydan sonrakı ilk iclasında BM-in sədrini, sədr müavinlərini, katibini seçir;
- yeni şəhər, rayon təşkilatlarının yaradılması ilə bağlı Başqanlıq Heyətinin qərarlarını təsdiq edir;
- qurultaylararası dövrdə şəhər, rayon təşkilatlarının konfransları (ümumi yığıncaqları) tərəfindən seçilmiş BM üzvlərinin səlahiyyətlərini təsdiq edir;
- partiya həyatının müxtəlif sahələrini tənzimləyən əsasnamələr və BM reqlamentini qəbul edir, lazım gəldikdə Nizamnamənin ayrı-ayrı maddələrini təfsir edir;
- AY Partiya üzvləri üçün vahid formalı partiya biletinin nümunəsini təsdiq edir;
- AY Partiyanın Siyasi Heyətini formalaşdırır.
- AY Partiya Qurultayı qarşısında öz işi barəsində hesabat verir.
- özünün daxili reqlamentini qəbul edir.
3. Qurultayın səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, partiya həyatının bütün digər məsələləri barədə qərarlar qəbul edir.
4. Partiyanın digər siyasi qurumlarla və ictimai birliklərlə əməkdaşlıq, siyasi blok, siyasi birliklər və ittifaqlarda iştirakı məsələlərini müzakirə edir və qərar qəbul edir;
- partiyanın adından mühüm bəyanatlar və müraciətlər verir;
- seçkilərdə və dövlət orqanlarının işində iştirakla bağlı məsələləri həll edir;
- Prezident, Milli Məclis və Bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edir.
5. BM hər hansı qərarına partiya Başqanı tərəfindən veto qoyularsa, həmin qərar qüvvəyə minmir və növbəti iclasda təkrar səsverməyə qoyulur. Təkrar səsvermə zamanı həmin qərara BM üzvlərinin ümumi sayının üçdə iki hissəsi səs verdikdə qərar qüvvəyə minir.
6. BM növbədənkənar sessiyası partiya Başqanının, Baş Məclis üzvlərinin üçdə bir hissəsinin və MNTK-nın tələbi ilə ən geci 3 (üç) gün ərzində çağırılır.
7. Baş Məclisin səlahiyyət müddəti növbəti qurultaya qədərdir.
8. Qapalı keçirilməyən Baş Məclis iclaslarında hər bir partiya üzvü müşahidəçi kimi iştirak edə bilər.
9. İclasın tarixi, vaxtı və yeri haqqında məlumat Baş Məclis üzvlərinə ən az üç gün əvvəldən Baş Məclisin katibi və ya sədr müavini tərəfindən xəbər verilməlidir.
10. Baş Məclis iclaslarını BM sədri, o olmadıqda onun müavinlərindən biri aparır.
11. BM üzvlərinin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətli sayılır.
12. BM-in qərarları iclasda iştirak edən üzvlərin adi səs çoxluğu ilə qəbul edilir.
13. BM iclaslarında qapalı (gizli) səsvermə haqqında xüsusi qərar qəbul edilmədiyi halda bütün məsələlər üzrə səsvermə açıq keçirilir.
14. BM-ə daxil olan şikayətlərə, sorğulara və digər müraciətlərə ancaq yazılı formada olarsa baxılır və ancaq yazılı formada verilən cavablar hüquqi statusa sahibdir.
15. BM-in gələn və çıxan sənədlər, alınan qərarlar və iclasların protokolları adında qovluqları olur.
16. Sənədlər qovluqları və BM-dən çıxan bütün sənədlərin bir nüsxəsi özünün arxivində saxlanılır. Arxiv AY Partiyanın mərkəzi mənzil-qərargahında saxlanılır.
17. BM-in bütün iclasları mütləq protokollaşdırılır. Protokollara iclasın sədri və katibi imza atır.
18. BM bütün müraciətlərə və şikayətlərə iki həftə müddətində baxıb müvafiq qərar çıxarır.