AZƏRBAYCAN YÜKSƏLİŞ PARTİYASININ
NİZAMNAMƏSİ
1.1. Azərbaycan Yüksəliş Partiyası (qısa adı - AY Partiya) siyasi spektr olaraq sağ mərkəzdə yer alan, dövlət müstəqilliyimizin keşiyində duran, demokratik, bütöv, azad, ədalətli, dünyəvi hüquqi dövlət və açıq vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə ətrafında sosial mənşəyindən və irqi, milli, dini, cinsi mənsubiyyətindən asılı olmayaraq, milli və bəşəri mənəvi dəyərləri üstün tutan, vətənpərvərliyi əsas götürən, Azərbaycan vətəndaşlarını ümumi hədəf və ictimai-siyasi ideya ətrafında birləşdirən, ölkənin siyasi həyatında iştirak edən siyasi partiyadır.
1.2. AY Partiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Siyasi partiyalar haqqında» qanunu, dövlət qanunvericilik aktları, beynəlxalq hüquq normaları, öz Proqramı və Nizamnaməsi əsasında qurur. Kollegiallıq, aşkarlıq, partiya üzvlərinin hüquq və fürsət bərabərliyi könüllülük, qanunçuluq, özünüidarə və Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin formalaşdırılmasının təşkili AY Partiyanın fəaliyyətinin başlıca prinsipləridir.
1.3. Azərbaycan Yüksəliş Partiyasının mənzil-qərargahı Bakı şəhərində yerləşir. (Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 22, mənzil 123)
1.4. Partiyanın fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.
1.5. AY Partiyanın ideoloji prinsipləri, fəaliyyət istiqamətləri və sahələri partiyanın Proqramında əks etdirilir.
2.1. AY Partiyanın əsas məqsədi Azərbaycanda mülki cəmiyyətin demokratik inkişaf yolu ilə gücləndirilməsi, demokratik hüquqi dövlətin formalaşdırılması, Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət müstəqilliyinin qorunmasıdır.
2.2. AY Partiya öz fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə edir və məqsədinə çatmaq üçün zorakılığı, terrorizmi və qəddarlığı rədd edir və pisləyir.
2.3. AY Partiya öz Proqram məqsədlərini həyata keçirmək üçün seçkili dövlət orqanlarına seçilmiş nümayəndələri vasitəsilə fəaliyyət göstərir.
2.4. AY Partiya xalqın bütün zümrələrinin maariflənməsi və xəbərdarlığının artması, siyasi səviyyəsinin yüksəldilməsi, aşkarlığın təmin olunması üçün qanunla qadağan olunmamış bütün informasiya vasitələrindən istifadə edərək, respublikada və dünyada baş verən ictimai-siyasi hadisələrə münasibət bildirir, mövqe bəyan edir.
2.5. AY Partiya Azərbaycanın ümumi mənafeyi ilə bağlı ictimai-siyasi, sosial, iqtisadi və mədəni sahələrdə mühüm proqram və layihələrin hazırlanması, ictimai fikrin doğru formalaşması və milli mənafeyə uyğun demokratik qanun layihələrinin ümumxalq müzakirəsinin aparılması prosesində iştirak edir, onların mütəxəssislər vasitəsilə qiymətləndirilməsini təşkil edir.
3.1. AY Partiya:
- Azərbaycan Respublikasının qanunvericiliyinə, icra hakimiyyəti orqanlarının fəaliyyətinə və Nizamnaməsinə uyğun şəkildə fəaliyyət göstərir;
- ictimai rəyin formalaşmasına təsir göstərir;
- öz üzvlərinin ictimai-siyasi təşəbbüslərinə və fəallığına rəvac verir;
- öz sıralarından seçkili dövlət orqanlarına vətəndaşların namizədliklərini irəli sürür;
- debatlar, diskussiyalar, seminarlar, elmi konfranslar, brifinqlər, dəyirmi masalar və digər tədbirlər keçirir.
- siyasi və sosial layihələr və proqramlar hazırlayaraq Azərbaycan Respublikasının daxili və xarici siyasətinə təsir göstərmək üçün təkliflər irəli sürür;
4.1. AY Partiya:
- partiyanın Proqramı, məramı, məqsəd və vəzifələri barədə məlumatları sərbəst yayır;
- könüllülük əsasında siyasi bloklar, ittifaqlar, birliklər, federasiyalar yaradır;
- beynəlxalq təşkilatlarla bilavasitə əlaqələr yaradır, xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarıyla əməkdaşlıq edir;
- müxtəlif ictimai, siyasi və dövlət qurumlarında qərarların hazırlanması və icrası prosesinə demokratik yolla təsir göstərir;
- Azərbaycan Respublikası prezidenti, parlament və digər seçkili dövlət orqanları seçkilərində, Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının formalaşdırılmasında demokratik yolla (müstəqil surətdə, başqa partiyalar, təşkilatlarla blok və ya ittifaqda) iştirak edir;
- ictimai, siyasi və dövlət orqanlarında öz üzvlərinin mənafelərini təmsil edir və hüquqlarını qoruyur;
- qanunla müəyyən edilmiş qaydada mitinqlər, nümayişlər, yığıncaqlar, piketlər və başqa kütləvi tədbirlər keçirir;
- kütləvi informasiya vasitələri təsis edir və nəşr edir;
- Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış digər funksiyaları həyata keçirir.
5.1. Qanunla qadağan edilən şəxslər xaric AY Partiyanın Proqramını və Nizamnaməsini qəbul edən, 18 yaşına çatmış, fəaliyyət qabiliyyətli hər bir Azərbaycan Respublikası vətəndaşı AY Partiya üzvü ola bilər.
5.2. AY Partiya üzvlüyünə qəbul fərdi qaydada, partiyaya daxil olmaq istəyənin yazılı ərizəsinə, özəyi tərəfindən həyata keçirilir. Həmin qərar şəhər, rayon təşkilatının icra orqanı tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. Özəyi olmayan yerlərdə birbaşa şəhər, rayon təşkilatının icra orqanı partiyaya qəbul üçün müraciət edənlərin məsələsinə baxır və müvafiq qərar qəbul edir.
5.3. AY Partiya Başqanlıq Heyəti uyğun gördüyü hallarda ayrı-ayrı şəxsləri partiya üzvlüyünə qəbul edə bilər. Bu halda həmin şəxslər müvafiq özəkdə qeydiyyata alınır.
5.4. AY Partiya üzvünün hüquqları:
- partiyanın bütün tədbirlərində və qapalı olmayan toplantılarında iştirak etmək;
- partiyanın fəaliyyətinə dair bütün sahələr üzrə təkliflər vermək, onu müzakirə etmək, bu və ya digər məsələ barədə təşəbbüs qaldırmaq;
- hər bir partiya üzvünün və orqanının fəaliyyətini müvafiq partiyadaxili qurumlarda tənqid etmək;
- partiyanın seçkili orqanlarına seçilmək və namizəd irəli sürmək;
- partiyanın seçkili orqanlarının verdiyi səlahiyyət daxilində həmin orqanı müvafiq yerlərdə təmsil etmək;
- partiya sıralarından sərbəst surətdə çıxmaq.
5.6. AY Partiya üzvünün vəzifələri:
- partiyanın Proqramında müəyyən edilmiş vəzifələr doğrultusunda çalışmaq və partiya Nizamnaməsinin tələblərinə əməl etmək;
- partiya rəhbərliyinin verdiyi tapşırıqları və partiyanın seçkili orqanlarının qəbul etdiyi qərarları vaxtında yerinə yetirmək;
- partiyanın ideyalarını yaymaq və şərəfini yüksək tutmaq;
- cəmiyyətin etik normalarına və milli-mənəvi dəyərlərimizə uyğun davranmaq;
- üzvlük haqqını vaxtında ödəmək.
5.7. AY Partiyada üzvlük haqqının məbləğini partiyanın Baş Məclisi müəyyən edir.
6.1. AY Partiyanın Proqram və Nizamnamə prinsiplərini pozan partiya üzvlərinə aşağıdakı intizam-tənbeh tədbirləri tətbiq edilə bilər:
- xəbərdarlıq;
- töhmət;
- şiddətli töhmət;
- seçkili orqanın tərkibindən çıxarma;
- partiyadan xaric etmə.
6.2. AY Partiya üzvü ona tətbiq olunmuş intizam-tənbeh tədbiri haqqında bir ay ərzində bütün mərhələlərdə partiyanın nəzarət-təftiş orqanlarına şikayət edə bilər. AY Partiya Baş Məclisinin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) rəyi əsasında qəbul etdiyi qərar qətidir.
6.3. Baş Məclis, Siyasi Heyət, MNTK, şəhər və rayon təşkilatlarının nəzarət-təftiş komissiyalarının (NTK) üzvləri və şəhər, rayon təşkilatlarının sədrləri haqda intizam-tənbeh tədbirləri MNTK-nın rəyi əsasında AY Partiya Başqanlıq Heyəti tərəfindən həyata keçirilir. Başqanlıq Heyətinin qərarından Baş Məclisə şikayət verilə bilər.
7.1. AY Partiyanın təşkilat quruluşuna və rəhbər orqanlarına aşağıdakılar daxildir:
- AY Partiyanın Qurultayı;
- AY Partiyanın Başqanı;
- AY Partiyanın Baş Məclisi;
- AY Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası;
- AY Partiyanın Siyasi Heyəti;
- AY Partiyanın İcra Aparatı;
- AY Partiyanın şəhər və rayon təşkilatlarının konfransları;
- şəhər və rayon təşkilatlarının Nəzarət-Təftiş Komissiyaları;
- şəhər və rayon təşkilatlarının sədrləri;
- şəhər və rayon təşkilatlarının məclisləri;
- özəklər.
7.2. AY Partiya strukturunun bütün pillələrinin seçkili orqanlarında:
- üzvlərin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətli sayılır;
- iştirakçıların istəyinə uyğun olaraq bütün qərarlar qapalı (gizli) və ya açıq səsvermə yolu ilə qəbul olunur;
qərarlar (partiya Başqanının etirazı ilə əlaqədar təkrar səsvermə istisna olmaqla) iştirakçıların səs çoxluğu (50 + 1 nəfər) ilə qəbul olunur.
7.3. AY Partiyanın struktur vahidləri ölkənin inzibati ərazi bölgüsünə görə yaradılır. Özək ən azı üç nəfər partiya üzvünün olduğu yerdə yaradılır və rayon, şəhər təşkilatının məclislərində qeydə alınır.
7.4. Şəhər, rayon təşkilatı dayaq dəstələrinin və partiya üzvlərinin sayını nəzərə almaqla özəklərdən seçilmiş nümayəndələrin konfransında yaradılır və AY Partiya Baş Məclisində qeydə alınır. Qeydə alınmaya qədər partiya sıralarına qəbulu, dayaq dəstələrinin təsis olunmasını AY Partiyanın Başqanlıq Heyəti həyata keçirir.
7.5. Şəhər və rayon təşkilatı partiyanın Proqram və Nizamnaməsini mütəmadi olaraq pozduqda AY Partiya Başqanının sərəncamlarını, Baş Məclisin, Başqanlıq Heyətinin qərarlarını müntəzəm olaraq yerinə yetirmədikdə MNTK-nın təqdimatı ilə AY Partiya Baş Məclisi həmin təşkilatın seçkili orqanlarını buraxa və yeni seçki keçirə bilər.
7.6. Şəhər və rayon təşkilatlarının, eləcə də dayaq dəstələrinin fəaliyyəti əsasnamə ilə tənzimlənir.
8.1. AY Partiyanın ali orqanı Qurultaydır. Qurultay ən gec dörd ildən bir çağırılır. Növbədənkənar Qurultay partiya Başqanı, Baş Məclis, şəhər (rayon) təşkilatlarının üçdə biri tərəfindən çağırıla bilər.
8.2. Qurultayın təxmini gündəliyi və nümayəndəlik norması növbəti Qurultay üçün azı iki ay, növbədənkənar qurultay üçün azı bir ay öncə elan edilir.
8.3. Qurultay:
- partiyanı təsis edir;
- partiyanın Proqram və Nizamnaməsini qəbul edir, onlara əlavə və dəyişikliklər edir;
- partiya Başqanının, Baş Məclisin və MNTK-nın hesabatlarını dinləyir, müzakirə edir və onlara qiymət verir;
- növbəti dövrlər üçün partiyanın fəaliyyətinin başlıca istiqamətlərini müəyyənləşdirir;
- partiyanın Başqanını seçir;
- MNTK-nın say tərkibini müəyyənləşdirir və üzvlərini seçir;
- Baş Məclisin (şəhər, rayon təşkilatlarının konfranslarında seçilmiş) üzvlərini təsdiq edir;
- AY Partiyanın möhürünü, bayrağını, emblemini, marşını və digər rəmzlərini təsdiq edir;
- Qurultayın səlahiyyətinə aid olan istənilən məsələnin həlli üçün Baş Məclisə səlahiyyət verir;
- partiyanın fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edir.
9.1. AY Partiyanın Baş Məclisi şəhər, rayon təşkilatlarının AY Partiya Qurultayına seçdiyi nümayəndələrinin içindən və bu sayın üçdə biri qədər AY Partiya Başqanı tərəfindən təqdim edilən namizədlər sırasından Qurultay tərəfindən seçilən üzvlərdən ibarətdir.
9.2. Baş Məclis:
- qurultaylararası dövrdə partiyanın fəaliyyətinə rəhbərlik edir;
- üç ayda bir dəfədən az olmayaraq özünün sessiyalarını keçirir;
- AY Partiya Başqanının təqdimatı ilə onun birinci müavinini və digər müavinlərini təsdiq edir;
- Başqanın birinci müavini və müavinləri istefa verdikdə və yaxud vəzifəsindən kənarlaşdırıldıqda AY Partiya Başqanının təqdimatı ilə yeni birinci müavini və müavinləri təsdiq edir;
- qurultaydan sonrakı ilk iclasında Baş Məclisin sədrini, sədr müavinlərini, Baş Məclisin katibini seçir;
- yeni şəhər, rayon təşkilatlarının yaradılması ilə bağlı Başqanlığın qərarlarını təsdiq edir;
- MNTK üzvü yeri boşaldıqda qurultaya qədər həmin yerlərə üzvlər seçir;
- qurultaylararası dövrdə şəhər, rayon təşkilatlarının konfransları (ümumi yığıncaqları) tərəfindən seçilmiş Baş Məclis üzvlərinin səlahiyyətlərini təsdiq edir;
- Partiya həyatının müxtəlif sahələrini tənzimləyən əsasnamələr və Baş Məclisin reqlamentini qəbul edir, lazım gəldikdə Nizamnamənin ayrı-ayrı maddələrini təfsir edir;
- AY Partiya üzvləri üçün vahid formalı partiya biletinin nümunəsini təsdiq edir;
- AY Partiyanın Siyasi Heyətini formalaşdırır;
- AY Partiyanın Qurultayı qarşısında öz işi barəsində hesabat verir.
- AY Partiya Başqanının təqdimatına əsasən onun birinci müavini və müxtəlif sahələr üzrə müavinlərdən ibarət Başqanlıq Heyətini təsdiq edir.
9.3. Qurultayın səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, partiya həyatının bütün digər məsələləri barədə qərarlar qəbul edir.
9.4. Partiyanın digər siyasi qurumlarla və ictimai birliklərlə əməkdaşlıq, siyasi blok, siyasi birliklər və ittifaqlarda iştirakı məsələlərini müzakirə edir və qərar qəbul edir;
- partiyanın adından mühüm bəyanatlar və müraciətlər verir;
- seçkilərdə və dövlət orqanlarının işində iştirakla bağlı məsələləri həll edir.
9.5. Baş Məclisin hər hansı qərarına partiya Başqanı tərəfindən veto qoyularsa, həmin qərar qüvvəyə minmir və növbəti iclasda təkrar səsverməyə qoyulur. Təkrar səsvermə zamanı həmin qərara Baş Məclis üzvlərinin ümumi sayının üçdə iki hissəsi səs verdikdə qərar qüvvəyə minir.
9.6. Baş Məclisin növbədənkənar sessiyası partiya Başqanının, Siyasi Heyətin, Baş Məclis üzvlərinin üçdə bir hissəsinin və MNTK-nın tələbi ilə ən geci on gün ərzində çağırılır.
9.7. Baş Məclis öz işini daxili reqlamentə uyğun şəkildə qurur.
10.1. MNTK-nın vəzifə və funksiyaları:
- partiyanın bütün orqanlarının, təşkilatlarının və üzvlərinin fəaliyyətinin AY Partiya Nizamnaməsinə uyğun olmasına nəzarət edir;
- AY Partiya üzvlərinə tətbiq edilən intizam tədbirləri ilə əlaqədar şikayətlərə baxır, müvafiq rəy verilməsinə dair qərar qəbul edir;
- partiyanın maliyyə işlərinə nəzarət edir;
- rayon, şəhər təşkilatları nəzarət qurumlarının işinə rəhbərlik edir.
10.2. MNTK Qurultaydan sonra ilk iclasında özünün sədrini, müavinini və katibi seçir.
10.3. MNTK ayda azı bir dəfə iclas keçirir.
10.4. MNTK yalnız Qurultaya tabedir.
10.5. MNTK-nın fəaliyyəti əsasnamə ilə tənzimlənir.
11.1. Siyasi Heyət məclislərarası dövrdə partiyanın məşvərətçi kollegial orqanıdır.
11.2. Siyasi Heyət Baş Məclisin sessiyaları arasındakı dövrdə partiyanın bütün fəaliyyət istiqamətləri üzrə tövsiyələr verə bilər.
11.3. Siyasi Heyət AY Partiya Baş Məclisinin qurultaydan sonrakı ilk iclasında formalaşdırılır. Partiyanın Başqanı və Başqanlıq Heyətinin bütün üzvləri, Baş Məclisin sədri və müavinləri tutduqları vəzifələrə görə Siyasi Heyətin təbii üzvləri olaraq daxil edilirlər. Siyasi Heyətin digər üzvləri Baş Məclis tərəfindən partiya üzvləri sırasından seçilir.
11.4. Siyasi Heyətin say tərkibini Baş Məclis müəyyənləşdirir.
11.5. Siyasi Heyətə partiyanın Başqanı rəhbərlik edir.
11.6. Siyasi Heyət:
11.6.1. öz tərkibindən katibini seçir;
11.6.2. iclaslarını həftədə bir dəfədən gec olmayaraq keçirir;
11.6.3. partiyanın Proqram və Nizamnamə tələblərini, qurultayın müəyyən etdiyi vəzifələri həyata keçirmək, Baş Məclisin qərarlarını reallaşdırmaq istiqamətində konkret tövsiyələr və təkliflərlə çıxış edir;
11.6.4. fəaliyyətini Baş Məclisdə təsdiq olunan bu Əsasnamə ilə tənzimləyir.
11.6.5. öz Reqlamentini qəbul edir;
11.6.6. Baş Məclis qarşısında öz işi barəsində hesabat verir.
12.1. Partiyanın fəaliyyətinə bilavasitə rəhbərlik edir, AY Partiyanın fəaliyyəti üçün məsuliyyət daşıyır və bundan ötrü partiya qurultayının qarşısında şəxsən hesabat verir.
12.2. Birinci müavin və müxtəlif sahələr üzrə müavinlərindən ibarət formalaşdırdığı Başqanlıq Heyətini və onun Əsasnaməsini təsdiq üçün Baş Məclisə təqdim edir.
12.3. Dövlət orqanları və idarələrində, digər siyasi partiya və ictimai təşkilatlarla münasibətlərdə, beynəlxalq əlaqələrdə partiyanı təmsil edir, partiya adından müraciət və bəyanatlarla çıxış edir, müqavilələr və sazişlər imzalayır.
12.4. Birinci müavinin formalaşdırdığı İcra Aparatının tərkibini təsdiq və ləğv edir.
12.5. Birinci müavin və müavinlərinin azad edilməsi üçün Baş Məclisə təqdimat verir.
12.6. Birinci müavin və müavinləri istefa verdikdə və yaxud vəzifədən kənarlaşdırıldıqda yeni birinci müavin və müavinlərinin adlarını təsdiq üçün Baş Məclisə təqdim edir.
12.7. partiya üzvlərindən uyğun gördüyü namizədləri Başqanlıq Heyətinin üzvü kimi özünə müşavirlər olaraq təyin edir.
12.8. Siyasi Heyətə rəhbərlik edir.
12.9. Baş Məclisin bu və ya digər məsələlər ilə əlaqədar aldığı qərarlara veto qoyma haqqına sahibdir.
13.1. İcra Aparatının tərkibini Başqanın birinci müavini formalaşdırır və onun işinə rəhbərlik edir;
13.2. İcra Aparatının tərkibi birinci müavininin təqdimatı əsasında AY Partiya Başqanı tərəfindən təsdiq olunur.
13.3. İcra Aparatının funksiyası partiyanın fəaliyyətinə aid bütün ofis işlərinin, texniki problemlərin və gündəlik məsələlərin həllini həyata keçirməkdən ibarətdir.
13.4. İcra Aparatının fəaliyyəti AY Partiya Başqanının təsdiqlədiyi Əsasnamə ilə tənzimlənir.
14.1. AY Partiyanın şəhər və rayon təşkilatlarının konfransları (ümumi yığıncaqları) dörd ildə bir dəfədən gec olmayaraq çağırılır.
14.2. Növbədənkənar konfranslar şəhər, rayon təşkilatının məclisi tərəfindən, AY Partiya Başqanının təqdimatı və ya MNTK-nın rəyi əsasında Başqanlıq Heyəti tərəfindən ən geci bir ay ərzində çağırılır.
14.3. Şəhər, rayon təşkilatı AY Partiya Proqram və Nizamnaməsinə uyğun olmaq şərtilə şəhər və rayon səviyyəli bütün məsələləri həll etməkdə müstəqildir.
14.4. Konfrans (ümumi yığıncaq) şəhər və rayon təşkilatının sədrini, NTK-nı seçir, Məclis üzvlərinin səlahiyyətlərini təsdiq edir.
14.5. Şəhər və rayon təşkilatının sədri təşkilatın fəaliyyətinə rəhbərlik edir və konfrans qarşısında hesabat verir.
14.6. Konfranslararası dövrdə şəhər və rayon təşkilatının fəaliyyətinə konfransda dörd il müddətinə seçilən və üç ayda azı bir dəfə öz iclasını keçirən Məclis rəhbərlik edir. Məclis ilk iclasında öz sədrini, müavini və katibi seçir.
14.7. Rayon, şəhər təşkilatının Məclisi konfransdan sonrakı ilk iclasında şəhər və rayon təşkilatının məclislərarası dövrdə idarəetmə orqanı olan icra orqanının tərkibini Nizamnamənin 11.3. bəndinə uyğun olaraq formalaşdırır.
14.8. Şəhər və rayon təşkilatının Nəzarət-Təftiş Komissiyası konfransda (ümumi yığıncaqda) dörd il müddətinə seçilir, bilavasitə konfransa və AY Partiya MNTK-ya hesabat verir.
14.9. Vilayət, şəhər və rayon təşkilatının məclisi Nəzarət Təftiş Komissiyasının təqdimatı ilə partiyanın Proqram və Nizamnaməsini mütəmadi olaraq pozan dayaq dəstəsini buraxıb yenisini yarada bilər.
14.10. AY Partiyanın şəhər və rayon təşkilatlarının fəaliyyəti Baş Məclisdə təsdiq olunan Əsasnamə ilə tənzimlənir.
15.1. Özəklərə ümumi yığıncaqda seçilən sədr və onun müavini rəhbərlik edir;
15.2. 50 nəfərdən artıq partiya üzvünü birləşdirən özəklərdə İdarə Heyəti seçilir və həmin özəklərdə ümumi yığıncaqlar üç ayda bir dəfə, İdarə Heyətnin iclasları isə ayda bir dəfədən gec olmayaraq keçirilir.
16.1. AY Partiya hüquqi şəxsdir, onun bankda hesablaşma və digər hesabları, Qurultayda və Baş Məclisdə təsdiq olunmuş rəmzləri (himn, emblem, bayraq və s.), dairəvi möhürləri, ştampı və sair rekvizitləri var.
16.2. Nizamnamədən irəli gələn vəzifələri yerinə yetirmək üçün AY Partiya öz adından müqavilələr və sazişlər bağlayır, məhkəmədə cavabdeh və iddiaçı qismində çıxış edir.
16.3. AY Partiyanın mülkiyyəti öz vəsaiti hesabına, həmçinin müxtəlif fiziki və hüquqi şəxslərin əvəzsiz yardımları hesabına yaranmış əmlakdan (binalar, avadanlıqlar, invertarlar, nəşriyyatlar, mətbəələr, nəqliyyat, rabitə, texniki vasitələr və s.) ibarətdir.
16.4. AY Partiyanın vəsaiti aşağıdakı mənbələrdən yaranır:
- üzvlük haqları;
- əmlakdan götürülən gəlir;
- partiya təşkilatları tərəfindən keçirilən tədbirlərin, partiyanın mətbu orqanlarının və digər nəşrlərin verdiyi gəlir;
- ölkə vətəndaşlarının, müəssisə və təşkilatların ianələri;
- seçki kampaniyası xərclərinin ödənməsi üçün daxil olan vəsait;
- aşağı təşkilatların ödəncləri;
- qanunla qadağan olunmayan digər fəaliyyət növlərindən götürülən gəlir.
17.1. AY Partiya yalnız qurultayda, nümayəndələrin ən azı üçdə iki hissəsinin razılığı ilə özünü buraxa bilər. Bu zaman partiyanın əmlakı zəruri hesablaşmalardan sonra qurultayın müəyyən etdiyi qaydada istifadə olunur.