Azərbaycan Yüksəliş Partiyasının Qazaxıstanın Müstəqillik Günü münasibəti ilə
TƏBRİK MESAJI
Bu gün Qazaxıstan müstəqilliyinin 29-cu ildönümü qeyd edir.
Qazaxıstanın bu günə gəlib çıxması çox məşəqqətli və çətin olub. Qədim Türk dövlət ənənələrinin daşıyıcısı olan Qazaxıstan Türkləri Rus imperiyasının müstəmləkə siyasətinin qarşısında duran ilk sədd olub. Böyük Qazax Eli 200 il boyunca baş əymədən, savaşaraq, vuruşaraq Çar ordularına qarşı dirəniş göstərib. Ona görə də məğlub ediləndən sonra Qazaxlara qarşı çarizmin assimilyasiya və soyqırımı siyasəti ən amansız şəkildə aparılıb. Bu siyasətin ən amansız hadisəsi söz yoxdur ki, Aşarşalık dövrüdür.
Eyni siyasət qırmızı Sovet imperiyası zamanında da davam edib. Lakin Qazaxlar ataları hunların, göytürklərin azadlıq ruhunu itirmədikləri üçün heç vaxt milli dövlət və müstəqillik mübarizələrindən əl çəkməyiblər. 1986-cı ilin 16-19 dekabr hadisələri – Jeltoksan hərəkatı göstərdi ki, Qazax xalqı yox olmayıb və heç kim tərəfindən məğlub edilə bilməz. Biz Qazaxların müstəqilliyi uğrunda canlarını fəda vermiş bütün soydaşlarımızın əziz xatirəsini ehtiramla yad edirik.
Hazırda Qazaxıstan bütün sahələr üzrə yüksək templərlə inkişaf edən ölkədir. Regionun aparıcı ölkələrindən biri olan Qazaxıstan, Türk Dünyasının çox vacib və qüvvətli üzvüdür. Bir çox layihələrin, qurumların, görüşlərin mərkəzidir.
AY Partiyası rəhbərliyi olaraq, bütün üzvlərimiz adından qardaş və dost Qazaxıstan xalqını təbrik edir, dövlət quruculuğu və müstəqilliyin gücləndirilməsi yolunda müvəffəqiyyətlər arzulayırıq. İnanırıq ki, Qazaxıstan ilə Azərbaycan, Türkiyə və digər qardaş ölkələr arasında elə bir ittifaq yaranacaq ki, millətimiz bir daha əsarətin zülmünü yaşamayacaq və əbədiyyən müstəqil qalacaq.